II Avropa Oyunları 2019-cu ildə Belarusda keçiriləcək. Bununla əlaqədar Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki yenilənmiş “Dinamo” stadionunda geriyə sayım hesabını açmışdır.
YeniAvropa "BelTA" agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı müvafiq düyməni basandan sonra işıq-diod ekranlarında II Avropa Oyunlarının açılışına qədər geriyə sayım başlanıb.
Bu mərasim Minsk səmasında və xüsusən stadiondakı piyalədə pirotexnik effekt ilə müşayiət olunub. Aleksandr Lukaşenko qeyd edib ki, II Avropa Oyunları Belarus üçün və bütün dünya ictimaiyyəti üçün möhtəşəm hadisə, “Dinamo” stadionu isə bu Oyunların döyünən qəlbi olacaq. Yüngül atletika üzrə yarışlar və oyunların açılış mərasimi burada keçiriləcək.
II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək badminton, basketbol 3x3, boks, güləş (yunan-Roma, sərbəst güləş və qadın güləşi), velosiped idmanı (trek və şose), gimnastika (idman, bədii, akrobatika, aerobika və batut üzərində tullanma), baydarka və kanoedə avarçəkmə, cüdo, karate, yüngül atletika, sambo, kamandan oxatma, atıcılıq (güllə və stend atıcılığı), stolüstü tennis və çimərlik futbolu növləri üzrə Minskdə keçiriləcək.
Avropa olimpiya komitələrinin ekspertləri yarışların startına bir il qalmış Minskin bu tədbirə hazırlığını yüksək qiymətləndiriblər. Qarşıdakı yarışların proqramı praktiki olaraq, hazırdır. Burada 200 dəstdən çox mükafat uğrunda mübarizə gedəcək, 10 idman növü üzrə yarışlar isə Tokioda Olimpiya Oyunları üçün seçmə xarakteri daşıyacaq.
Xatırladaq ki, Birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.