İyunun 15-də futbol üzrə XXI dünya çempionatının “B” qrupunun ilk oyunu keçirilib.
YeniAvropa xəbər verir ki, 8 min tamaşaçı tutumuna malik “Sankt-Peterburq” stadionunda Mərakeş komandası İran yığması ilə üz-üzə gəlib. Oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edib.
Mərakeş millisinin start heyətində Munir El-Kajui, Mehdi Benatiya, Romen Saiss, Əşrəf Həkimi, Kərim Əl-Əhmədi, Həkim Ziyex, Amin Arit, Mbark Bussafa, Nurəddin Abrabat, Yunes Belanda və Ayub Əl-Kabi yer alıblar.
İran yığmasının ilk on birliyində Əli Beyranvand, Ruzbex Ceşmi, Monteza Purliqanjı, Ramin Reza, Ehsan Həcsəfi, Omid İbrahimi, Kərim Ansarifard, Sərdar Azmun, Vahid Əmiri, Məsud Şodjai, Əlireza Caxanbaxş meydana çıxıblar.
Komandaların qarşılıqlı səylərinə baxmayaraq birinci hissədə hesab açılmayıb.Fasilədən sonra əsas vaxtın bitməsinə bir dəqiqə qalmış avtoqol qeydə alınıb. B.Əziz topu öz qapısından keçirib.
Beləliklə, İran millisi mundialda ilk qələbəsini qazanıb.
Qeyd edək ki, İran yığması ilk dəfədir iki dəfə dalbadal dünya çempionatına vəsiqə qazanır. İndiyədək dörd dəfə dünya çempionatında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb.
Mərakeş yığması isə sonuncu dəfə mundialda 20 il əvvəl təmsil olunub. Bu mundial Mərakeş milli komandasının qatıldığı beşinci dünya çempionatıdır. Mərakeşlilərin dünya çempionatlarında ən yüksək göstəricisi 1986-cı ildə səkkizdəbir finala yüksəlməyi olub. Həmin mərhələdə polşalılara 4:2 hesabı ilə məğlub olaraq mundialda mübarizələri dayandırıblar.