logo

Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək

12:05 14-06-2018 | icon 3038
Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək

Bu gün, iyunun 14-də Moskvada futbol üzrə XXI dünya çempionatına start veriləcək.

YeniAvropa xəbər verir  ki, izləyici sayına görə Olimpiya Oyunları ilə yanaşı, ən böyük iki yarışdan biri olan XXI dünya çempionatına planetin bütün bölgələrindən 3,5 milyard tamaşaçının baxacağı gözlənilir. Dünyanın ən nüfuzlu idman yarışı Bakı vaxtı ilə saat 18:30-da möhtəşəm açılış mərasimi ilə başlayacaq. Açılış mərasimi və ilk oyun Moskvadakı 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək. Çempionatın açılış mərasiminin şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo iştirak edəcəklər.

Açılış mərasimindən sonra keçiriləcək ilk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.

Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:

“A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;

“B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;

“C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;

“D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;

“E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;

“F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası

“G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;

“H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.

Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Xatırladaq ki, futbol üzrə dünya çempionatlarında ən çox qol vuran futbolçu Almaniya yığmasının sabiq üzvü Miroslav Klozedir. O, 24 oyunda 16 dəfə qol sevinci yaşayıb. Braziliya yığmasının sabiq hücumçusu Ronaldonun aktivində isə 15 qol (19 oyun) var. Bu göstərici üzrə ən yaxşı nəticə Qərbi Almaniya yığmasının heyətində çıxış etmiş Gerd Müllerə məxsusdur – 13 oyunda 14 qol. Bir çempionatda ən çox qol vuran futbolçu isə 1958-ci ildə Fransa yığmasının heyətində bombardir olmuş Jüst Fontendir. O, həmin çempionatda 13 dəfə rəqib qapılarına yol tapıb.

Rusiyadakı dünya çempionatında iştirak edən millilərin heyətində ən çox qol vuran futbolçu almaniyalı Tomas Müllerdir. Hesabında 10 qol olan 28 yaşlı futbolçu 2010-cu və 2014-cü illərdəki çempionatların hər birində 5 dəfə fərqlənib. Hazırda dünyanın ən güclü futbolçuları olan Lionel Messi dünya çempionatlarında cəmi 5, Kriştiano Ronaldo isə 3 dəfə fərqlənib. Hər iki futbolçu üç dünya çempionatında iştirak edib.