Liverpul”a 3:1 hesabı ilə qalib gələn "Real Madrid" tarixində 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. "Real" ardıcıl üç dəfə bu kuboka sahib olan ilk komanda kimi tarixə düşüb.
YeniAvropa xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçirilən UEFA Çempionlar Liqasının “Real” və “Liverpul” komandaları arasında final qaşrılaşmasında ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.
İkinci hissədə isə qollar vurulmağa başlayıb. 51-ci dəqiqədə İngiltərə komandasının qapıçısı Loris Karius topu oyuna daxil etmək istərkən, əlindən yerə salıb. Bu zaman yaxınlıqda olan "kral klubu"nun hücumçusu Kərim Benzema topa dəqiq zərbə endirərək, hesabı açıb. Lakin bundan 4 dəqiqə sonra Sadio Mane bərabərlik qolunu vurmağa müvəffəq olub.
61-ci dəqiqədə Zinəddin Zidanın etdiyi əvəzləmə isə oyunda həlledici olub. İskonun əvəzinə meydana daxil olan Qaret Beyl dubl müəllifi olub. O, 64-cü dəqiqədə topu başı üzərindən fantastik zərbə ilə tora göndərib. 83-cü dəqiqədə isə Beylin uzaqdan vurduğu zərbədən sonra Karius topu əlindən buraxıb.
Beləliklə, "Real Madrid" 3:1 hesablı qələbə sayəsində Çempionlar Liqasının ən güclüsü olduğunu bir daha sübuta yetirib.
Xatırladaq ki, tarixdə ilk dəfə həm Çempionlar Liqası, həm də Avropa Liqasının qalibi eyni şəhərin iki komandası olub. Belə ki, bundan əvvəl Madridin "Atletiko"su finalda Fransa "Marsel"ini 3:0 hesabı ilə məğlub edərək, Avroliqanın baş mükafatına sahib olub.