logo

Beşqat dünya çempionu Rafael Ağayev 11-ci dəfə Avropa çempionu oldu

21:45 12-05-2018 | icon 2877
Beşqat dünya çempionu Rafael Ağayev 11-ci dəfə Avropa çempionu oldu

Serbiyanın Novi-Sad şəhərində WKF karate üzrə Avropa çempionatı ilə yanaşı, ilk dəfə qitə üzrə parakarate çempionatı keçirilir.

YeniAvropa xəbər verir  ki, turnirdə 15 ölkədən 100-dək idmançı iştirak edir. Azərbaycan bu yarışmada 17 iştirakçı ilə təmsil olunur.

Kişilərin kumite yarışlarında tatamiyə 75 kiloqramadək çəki dərəcəsində 40 karateçi çıxıb. Beşqat dünya çempionu Rafael Ağayev hər üç idmançıya - litvalı, latviyalı və türkə eyni hesabla (1:0) qalib gəlib. Rafael yarımfinalda “xantey”lə (1:1) italiyalı Luici Busu məğlub edib. Finalda macarıstanlı idmançıya qalib gələn karateçimiz 11-ci dəfə Avropa çempionu adını qazanıb.

Kişilər arasında kumite yarışlarında 84 kiloqramdan yuxarı çəki dərəcəsində 33 idmançı iştirak edib. İlk dövrədə Şahin Hətəmov danimarkalıya 2:1, sonra albaniyalıya 1:0 hesabla qalib gəlib. Daha sonra “xantey”lə hollandiyalını (2:2) və ispaniyalını (2:1) məğlub edib. Finalda Azərbaycan təmsilçisi bosniyalıya uduzaraq gümüş mükafata layiq görülüb.

Azərbaycanın aktivinə daha bir gümüş medalı İrina Zaretska yazdırıb. O, kumite yarışlarında 68 kiloqramadək çəki dərəcəsində 36 qadın arasında ikinci olub. Karateçimiz ilk döyüşündə 1:0 hesabı ilə bosniyalıya, sonra “xantey”lə (0:0) Sloveniya təmsilçisinə, daha sonra İsveçdən olan idmançıya (3:0) qalib gəlib. “Xantey”lə (0:0) slovakiyalını məğlub edən İ.Zaretska 7:0 hesabı ilə Makedoniya təmsilçisini məğlubiyyətə uğradıb. Finalda isə İsveçrə idmançısı azərbaycanlıdan üstün olub.

Azərbaycan təmsilçilərindən kumite yarışlarında Nuranə Əliyevanın (50 kq), Tural Ağalarzadənin (67 kq) medal qazanmaq şansı var. Roman Heydərov isə kata yarışlarında bürünc uğrunda mübarizə aparacaq.