Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən böyüklər arasında güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.
YeniAvropa xəbər verir ki, yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı çempionatın finalında estoniyalı Helari Maeqissaluna qalib gəlib. E.Əzizli həlledici görüşdə rəqibini 8:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Bununla da o, çempionatda Azərbaycan millisinə ilk qızıl medalı qazandırıb.
Digər güləşçilərimizdən Rəsul Çunayev üç, Rafiq Hüseynov iki, Murad Məmmədov bir görüşü qalib başa vuraraq yarımfinala yüksəliblər. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Həlledici görüşdə hər iki güləşçimizin rəqibi Rusiya təmsilçiləri olacaq.
Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal uğrunda görüşə haqq qazanıb. Çempionatda 67 kiloqram çəki dərəcəsində yarışan Elman Muxtarov təsəlliverici görüşə çıxacaq.