Prezident İlham Əliyev "Formula 1 Azərbaycan Qran-Pri"sinin əsas mərhələsinə tamaşa edib
Aprelin 29-da Bakıda "Formula 1 Azərbaycan Qran-Pri"sinin əsas mərhələsinə start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına tamaşa ediblər.
"Formula 1 Azərbaycan Qran-Pri"sinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb.
Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunacaqlar.
Azərbaycan Respublikasının dövlət himni ifa edilib.
Sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.