logo

İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında açılışlarda olub

16:10 18-01-2021 | icon 2002
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında açılışlarda olub

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.

Prezident İlham Əliyev müəssisənin təməlini qoyub.

Bildirilib ki, təkcə son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

XXX

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.

Prezident İlham Əliyev zavodun təməlini qoyub.

Məlumat verilib ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.

XXX

“Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.

Prezident İlham Əliyev zavodu işə salıb.

Bildirilib ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Hazırda dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.

Sonra prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Xatırladaq ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. 2020-ci ildə parkda 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur. İxrac isə 2019-cu illə (276 milyon manat) müqayisədə 18 faiz artaraq 2020-ci ildə 336 milyon manat təşkil edib.