logo

Azərbaycan yığması sərbəst güləş üzrə dünya kubokunda ikinci olub

09:17 09-04-2018 | icon 5131
Azərbaycan yığması sərbəst güləş üzrə dünya kubokunda ikinci olub

Finalda Azərbaycana qalib gələn ABŞ yığması sərbəst güləş üzrə dünya kubokuna sahib çıxıb. 

YeniAvropa xəbər verir  ki, aprelin 7-8-də ABŞ-ın Ayova ştatının Ayova-Siti şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları başa çatıb. “B” qrupunda mübarizə aparan Azərbaycan yığması aprelin 7-də Kuba yığmasını 8:2, Qazaxıstan milli yığmasını isə 9:1 hesabı ilə udaraq, aprelin 8-də Monqolustan yığmasına 7:3 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yarışların final mərhələsinə yüksəlib.

"Carver-Hawkeye" idman arenasında keçirilmiş final mübarizəsində ev sahibi ABŞ yığması milli yığmamıza 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, ağır mübarizədən sonra, sərbəst güləşçilərimiz yarışlarda ikinci yer tutublar. Kuba yığmasına 6:4 hesabı ilə qalib gələn Yaponiya yığması isə üçüncü yerə sahib çıxıb.

ABŞ-ın sərbəst güləş üzrə milli yığması Dünya çempionatı çərçivəsində 2003-cü ildən bəri ilk dəfə birinci yerə yüksəlib.

Final oyunlarının nəticələri haqqında danışan ABŞ yığmasının baş məşqçisi Bill Zadik Amerika idmançılarının əla çıxış etdiyi və böyük səy göstərdiyini bildirib. Zadik deyib: “Biz bilirdik ki, Azərbaycan çətin rəqibdir və matç ağır keçəcək və elə də oldu. Məncə, idmançılarımız əla mübarizə apardılar. ABŞ-ın kuboku qazanmasına çox sevinirəm.”

Xatırladaq ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.