Nenad Laloviç: Azərbaycan Dünya Güləş Birliyində böyük pay sahibidir
14:28 08-04-2018
|
3031
Azərbaycan Dünya Güləş Birliyində böyük pay sahibidir və ölkəniz güləş yarışlarını hər zaman yüksək təşkilatçılıqla həyata keçirib.YeniAvropa xəbər verir ki, bu fikri ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında iştirak edən Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç AGF-nin saytına müsahibəsində bildirib.
Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turniri, Avropa Oyunları, Avropa və Dünya çempionatlarını xatırlayan DGB rəsmisi bu yarışlar haqqında xoş təəssüratlarını bildirib.
"Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək səviyyədə təşkilatçılığın şahidi olmuşam. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar izləyəcəyik. Çünki biz Azərbaycan Güləş Federasiyasının böyük təcrübəyə malik olduğunu bilirik."
Qədim güləş ənənələrinə sahib olan Azərbaycanın yüksəlişdə olduğunu deyən Laloviç bu sayədə ölkəmizin dünya güləşində daim yüksək yerlərdə olacağına inandığını bildirib.
"Dünya Kubokunda iştirak edən Azərbaycan komandası çox güclüdür və biz Budapeştdə keçiriləcək Dünya çempionatında da güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik. Düşünürəm ki, Azərbaycan xalqının gözlədiyi nailiyyətlər Tokio Yay Olimpiya Oyunlarında da reallaşacaq."
Sonda DGB prezidenti Nenad Laloviç güləş idmanının daha da inkişafı istiqamətində görüləcək işlərdən də danışıb.