Aprelin 7-də Slovakiyanın Vısokiye Tatrı bölgəsində qadın şahmatçılar arasında şəxsi Avropa birinciliyi start götürəcək.
Sayca 19-cu turnir “Bellevue” otelində İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə, sonra partiyanın axırınadək 30 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə.
YeniAvropa xəbər verir ki, turnirdə 30 ölkədən 144 idmançı, o cümlədən FIDE-nin beynəlxalq adlarına sahib olan şahmatçılar iştirak edəcəklər.
Turnirin gözlənilən orta reytinq əmsalı: ELO=2274.
Azərbaycanı forumda Xanım Balacayeva, Gülnar Məmmədova, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarovalar təmsil edəcəklər. Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının kapitanı və məşqçisi beynəlxalq dərəcəli usta Fikrət Sideyifzadədir.
Yarışların yekunlarına əsasən, qadınlar arasında dünya çempionatında iştirak etmək üçün namizədlər (14 namizəd) seçiləcək.