logo

Dünya Kubokunda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlandı

12:58 03-04-2018 | icon 3038
Dünya Kubokunda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlandı

Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu gün keçirilən təlim-məşq toplantısından sonra Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, milli komandanın baş məşqçisi Firdovsi Umudov  turnirdə iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlayıb.

Beləliklə, iki gün davam edəcək yarışda 10 çəki dərəcəsində 13 pəhləvan mübarizə aparacaq. Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurmaqomed Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədov(125 kq)  Azərbaycan millisinin şərəfini qoruyacaqlar.

Bununla yanaşı Firdovsi Umudov komandanın məşqçisi, Zəlimxan Hüseynovla Arif Abdullayev isə onun köməkçisi qismində okeanın o tayına yollanacaqlar. 

Xatırladaq ki, Dünya Kubokunda 8 yığmanın iştirakı nəzərdə tutulsa da, onlardan 2-si yarışa qatılmayacaq. İran kollektivi turnirdən imtina edib, Rusiya idmançılarına  isə ABŞ-a gəlmək üçün viza verilməyib.  Onları Monqolustan və Hindistanın yığmaları əvəzləyəcək. 

Püşkə əsasən, Azərbaycan millisi Kuba və Qazaxıstan kollektivləri ilə B yarımqrupunda yer alacaq. ABŞ, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda mübarizə aparacaqlar. Qruplara 4-cü komanda kimi isə Monqolustan və Hindistan salınacaq. Bu, Rusiya ilə bağlı məsələnin həllini tapmasından sonra püşk nəticəsində müəyyənləşəcək. 

Qeyd edək ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.