logo

XİN başçıları Azərbaycan-Moldova əməkdaşlığını müzakirə ediblər

15:11 21-09-2020 | icon 1687
XİN başçıları Azərbaycan-Moldova əməkdaşlığını müzakirə ediblər

Sentyabrın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moldovanın xarici işlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Moldova tərəfinin təşəbbüsü əsasında keçirilən telefon danışığı zamanı nazir Oleq Tulea Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və həmkarına xoş arzularını çatdırıb.

Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin tezliklə videogörüş formatında keçirilməsinə dair razılıq ifadə edilib. Azərbaycan və Moldova arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı və mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Oleq Tulea COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan tərəfinin Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Tərəflər qlobal sağlamlıq böhranı ilə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlətin sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Nazirlər telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.