Martın 24-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) təşkilatçılığı ilə kişilər, qadınlar və ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilir.
YeniAvropa xəbər verir ki, Şüvəlan qəsəbəsində, Ağır Atletika Akademiyasının yarış zalında keçirilən mərasimdə AAAF-ın birinci vitse-prezidenti Tofiq Heydərov turnirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunduğunu bildirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini diqqətə çatdıran T.Heydərov Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən olduğunu bildirib. Ölkəmizdə digər sahələrlə yanaşı, idmanın da sürətlə inkişaf etdiyini deyən T.Heydərov vurğulayıb ki, çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışlar açıq elan olunub.