logo

Berlində Məmmədyarovdan dördüncü sülh "sazişi"

23:58 15-03-2018 | icon 3241
Berlində Məmmədyarovdan dördüncü sülh "sazişi"

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində beşinci turun oyunları keçirilib.

YeniAvropa xəbər verir  ki, türün bütün dörd oyununda iddiaçılar sülhlə ayrılıblar. 

Turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu turda çin idmançısı Din Lijen ilə qarşılaşıb. Digər görüşlərində Ermənistan təmsilçisi Levon Aronyan rusiyalı şahmatçı Aleksandr Qrişuk, rus şahmatçı Sergey Karyagin amerikalı Fabiano Karuana, digər  Rusiya idmançısı Vladimir Kramnik isə amerikalı Uesli Co ilə  heç-heçə oynayıb.

Beləliklə 5 turdan sonra 3,5 xalla amerikalı Fabiano Karuana turnir cədvəlinə başçılıq edir. Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə birgə 3 xalla 2-3 yerləri bölüşürlər. Din Lijen,Aleksandr Qrişuk və  Levon Aronyan  2,5 xalla 4-6-cı yerdədirlər. Uesli Co və Sergey Karyagin hərəyə 1,5 xal toplayıblar. 

 Sabah 6-ci turda Ş.Məmmədyarovun rəqibi rusiyalı  Vladimir Kramnik olacaq.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov  ilk turda qara fiqurlarla İddiaçılar turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda erməni Levon Aronyan, III turda isə amerikalı  Fabiano Karuana,IV turda isə Uesli Co ilə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.