logo

İdman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub

22:44 15-03-2018 | icon 2884
İdman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub

Martın 15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib. 

YeniAvropa xəbər verir  ki,  əvvəlcə iştirakçı ölkələrin paradı olub.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçıları salamlayaraq bildirib ki, bu gün Azərbaycan idmançılarının dünya standartlarına cavab verən müasir arenalarda məşq etmək imkanı var. Atletlərimiz dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlarda iştirak edir, paytaxtımızda idmançılarımız mütəmadi olaraq mötəbər turnirlərdə mübarizə aparırlar. Azərbaycanda bir çox irimiqyaslı yarışlar təşkil olunur. Bütün bunlar həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən mötəbər yarışlar ölkəmizdə idmanın kütləviləşməsinə və gənc nəslin sağlam böyüməsinə xidmət edir. Son illər ölkəmizdə gimnastikanın inkişafı məhz Birinci vitse-prezident Mehriban Əliyevanın adı ilə bağlıdır. 2017-ci ilin yekunlarına görə, Beynəlxalq Gimnastika Federasiyasının Azərbaycan Gimnastika Federasiyasını birinci yerə layiq görməsi, federasiya nümayəndələrinin beynəlxalq gimnastika təşkilatlarında fəal iştirakı aparılan düzgün idman siyasətinin nəticəsidir.

Yusuf Məmmədəliyev bildirib ki, artıq üçüncü ildir Milli Gimnastika Arenası idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edir. Milli Gimnastika Arenası təkcə yerli idmançıların deyil, həmçinin buraya gələn xarici atletlərin də sevimli məkanlarındandır. “Əminəm ki, idmançılar dünya kubokunda uğurla çıxış edəcək, tamaşaçılar isə zövq alacaqlar. Novruz bayramı ərəfəsində 24 ölkədən idmançılar Bakıda öz çıxışları ilə paytaxt sakinlərinə əsl idman bayramı sevinci yaşadacaqlar”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

Gimnastlara qələbə arzulayan Yusuf Məmmədəliyev dünya kuboku yarışlarını açıq elan edib.

Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə və azyaşlı gimnastlar dövlət himnimizi səsləndiriblər.

Açılış mərasiminin bədii hissəsində diqqət çəkən məqamlardan biri gimnastika növləri üzrə yığma komandaların “Gimnastika - gələcəyin səsi” şüarı altında birləşməsi olub. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliğini özünə başlıca məqsəd seçmiş Azərbaycan Gimnastika Federasiyası bu şou proqramla bir daha yarış iştirakçılarına çağırış edib.

Mərasim bədii hissə ilə davam etdirilib.

Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları martın 18-dək davam edəcək. Üçüncü ildir ki, paytaxtımızda keçirilən turnirdə 24 ölkədən idmançılar güclərini sınayırlar.

Turnirin ilk iki günündə təsnifat mərhələləri, son iki günündə isə ayrı-ayrı alətlər üzrə final yarışları keçiriləcək.