Martın 10-da Berlində şahmat üzrə iddiaçılar turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Hazırda 2809 xalla FIDE reytinq cədvəlində ikinci pillədə qərarlaşan qrossmeyster turnirin reytinq favoritidir.
Turnirdə Ş.Məmmədyarov ilə yanaşı, xüsusi dəvətli Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin (hər ikisi Rusiya), dünya kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FIDE reytinqində yüksək reytinqə malik iki qrossmeyster - Fabiano Karuana və Uesli So (hər ikisi ABŞ), eləcə də Qran-Pri seriyasının finalçısı Aleksandr Qrişuk (Rusiya) qüvvəsini sınayacaqlar.
Ş.Məmmədyarovun ilk görüşdəki rəqibi S.Karyakin olacaq. Martın 28-dək davam edəcək iddiaçılar turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə bu titulun sahibi norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək.