logo

16 kq-dan çox narkotik vasitəni ölkəyə gətirmək istədilər

18:16 29-04-2020 | icon 2009
16 kq-dan çox narkotik vasitəni ölkəyə gətirmək istədilər

Ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminə fasiləsiz nəzarəti həyata keçirən polis əməkdaşları cinayətkarlığa qarşı mübarizəni də uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu günlərdə həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin və psixotrop maddənin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gavran kənd sakinləri Cəbrayıl Yusibov və Zamin İbrahimov Yardımlı-Deman-Arvana yolunun 11-ci kilometrliyində sonuncunun idarə etdiyi “VAZ 2106” markalı avtomobildə saxlanılaraq şöbəyə gətiriliblər. Avtomobilin salonuna baxış zamanı ümumi çəkisi 16 kiloqramdan çox olmaqla 7 kiloqramdan artıq heroin, 6 kiloqram 720 qram qurudulmuş marixuana, 1 kiloqram 885 qram tiryək, 614 qram psixotrop maddə olan metamfetamin, həmçinin 1 ədəd “Baretta A6” markalı tapança, həmin silaha aid 2 sandıqça və 20 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə, psixotrop maddə və silah-sursatı Yardımlı rayonu ərazisində qəbul ediblər. Daha sonra Cəbrayıl Yusibov və Zamin İbrahimov narkotik vasitələri Yardımlı rayonunda əvvəlcədən müəyyən edilmiş yerdə gizlətməli imişlər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zamin İbrahimov və Cəbrayıl Yusibov tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.