“Bayıl Arena”da açılan yeni bazada bir komandanın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Gələcəkdə “Səbail” komandası da buradan istifadə edəcək.YeniAvropa xəbər verir ki, bu sözləri dekabrın 20-də təşkil olunan mətbuat konfransında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.AFFA prezidenti deyib ki, baza UEFA-nın dəstəyi ilə inşa edilib. Maliyyə vəsaiti qitə futbol qurumu tərəfindən ödənilib. Bu, UEFA-nın hədiyyəsidir.
“Oyunların idman nəticəsinin manipulyasiyası ilə bağlı bizə məlumat verildi. UEFA hətta regional oyunları da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu barədə məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidir. Keçən il bu barədə qanun qəbul olundu. Bu, artıq cinayət məsuliyyəti daşıyır. “Keşlə”nin iki futbolçusunun və “Neftçi”nin bir məşqçisinin əməlləri barədə cinayət işi artıq prokurorluq tərəfindən başlanılıb”, - deyə Rövnəq Abdullayev əlavə edib.
AFFA-nın prezidenti bildirib ki, UEFA tərəfindən ayrılmış maliyyə ilə Sumqayıtda iki və Bakı Olimpiya Stadionunda təbii örtüklü meydança salınacaq. Region Liqasına maraq çox böyükdür. Azərbaycanı əhatə edən yarışlar keçiriləcək və beləliklə, futbolun inkişafına təkan verəcək.