Azərbaycan qrossmeyster Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada keçirilən Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq sürətli şahmat turnirində ikinci olub.
YeniAvropa xəbər verir ki, ötən gün keçirilən qarşılaşmalarda 33 yaşlı şahmatçı qara fiqurlarla israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub.
Nəticədə Sergey Karyakin (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə birgə hərəyə 5 xal toplayan Məmmədyarov yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalıb. Anand 6 xalla turnirin qalibi olub.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov martın 10-da Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə də qatılacaq.