Martın 9-dan 18-dək Pxençanda Qış Paralimpiya Oyunları keçiriləcək. YeniAvropa xəbər verir ki, “Pxençan-2018”də 48 ölkədən 670-dən artıq paralimpiyaçı 80 dəst medal uğrunda mübarizə aparacaq. Paralimpiadada ilk dəfə Gürcüstan, Tacikistan və Koreya Xalq Demokratik Respublikası debüt edəcək. On ikiillik fasilədən sonra Estoniya millisi Paralimpiadaya qatılacaq.
Paralimpiyaçılar biatlon, dağ xizəkçiliyi, əlil arabasında kerlinq, para-snoubord, xizəkçilik və slec-xokkey yarışlarında güclərini sınayacaqlar.
Oyunların açılış mərasimi martın 9-da Bakı vaxtı ilə saat 15:00-da Pxençan Olimpiya Stadionunda keçiriləcək.
Azərbaycan Qış Paralimpiadasında təmsil olunmayacaq.
“Pxençan-2018” Qış Paralimpiya Oyunlarının rəmzi qara ayı - Bandabidir. Bandabi özündə güclü iradə və cəsarəti simvolizə edir.