Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə liderlik edir.
YeniAvropa xəbər verir ki, martın 2-dən 5-dək davam edəcək yarışların ilk günündə sürətli şahmat üzrə üç tur oynanılıb. Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Svidlerə və hindistanlı Vişvanatan Ananda qalib gəlib, digər Rusiya şahmatçısı Vladimir Kramniklə heç-heçə oynayıb.
Üç turdan sonra Azərbaycan qrossmeysterinin hesabında 2,5 xal var. Sonrakı üç yeri 2 xalla Vişvanatan Anand, Aleksandr Qrişuk və Hikaru Nakamura tutur.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov martın 10-dan 28-dək dünya şahmat tacına iddiaçıların Berlində keçiriləcək turnirində iştirak edəcək.