logo

Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

13:51 10-12-2019 | icon 2527
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

Görkəmli kinorejissor, Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, professor Yalçın Əfəndiyev dekabrın 10-da ömrünün 82-ci ilində vəfat edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki,  mərhumla vida mərasimi "Təzəpir" məscidində keçiriləcək.

Qeyd edək ki, Yalçın Əfəndiyev 1937-ci il iyulun 24-də Bakı şəhərində anadan olub. 1966-cı ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1960-cı ildə başlayan Y.Əfəndiyev 1966-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb, 1983-1986-cı illərdə kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri vəzifələrində işləyib.

Azərbaycan kinorejissorluq məktəbinin görkəmli nümayəndəsi Yalçın Əfəndiyev milli kinematoqrafiyamızın inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır.

“Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-aplikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi “Xatirələr sahili” filmidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər dərs deyən professor Y.Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişməsində və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Onun özünəməxsus yaradıcılığı Azərbaycanın zəngin kino sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Dünya kino irsinin nailiyyətlərindən uğurla bəhrələnərək ayrı-ayrı illərdə yaratdığı qiymətli ekran əsərləri Y.Əfəndiyevə şöhrət qazandırıb.

Y.Əfəndiyevin Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən filmləri öz kinematoqrafik zənginliyi, ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə tamaşaçıların zövqünün formalaşdırılmasına xidmət edib, milli kinematoqrafiyanın təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilib.