Niderlandın Veyk-an-Zee şəhərində 80-ci Tata Steel Chees festivalı çərçivəsində keçirilən şahmat super turniri norveçli dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə başa çatıb. Yarışda ən güclü qrossmeysterlər, o cümlədən azərbaycanlı Şəhriyar Məmmədyarov iştirak edib. YeniAvropa xəbər verir ki, sonuncu – 13-cü turda rusiyalı Vladimir Kramnik hindistanlı Başkaran Adhibanı, amerikalı Uesli So isə çinli Hou Yifanı məğlub edib. Qalan partiyalar heç-heçə nəticələnib. Rusiyalı Sergey Karyakin və Maqnus Karlsen, Maksim Matlakov və ingilis Haveyn Cons, Pyotr Svidler və amerikalı Fabiano Karuana, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və hindistanlı Vişvanatan Anand, çinli Vey İ və hollandiyalı Aniş Giri xalları yarı bölüblər.
Turnirin son nəticələrinə görə, Maqnus Karlsen və Aniş Giri 13 mümkün xaldan 9 xal toplayıblar. Birinci yer uğrunda tay-brekdə norveçli 1,5:0,5 hesabı ilə qalib gəlib və altıncı dəfə Veyk-an-Zee super turnirinin qalibi olub. O, 2008, 2010, 2013, 2015 və 2016-cı illərdə birinci yeri tutub. Turnir 1938-ci ildən Niderlandda keçirilir.
Vladimir Kramnik və Şəhriyar Məmmədyarov birinci və ikinci mükafatçılardan yarım xal geri qalıblar. Əlavə göstəricilərə görə, 14-cü dünya çempionu üçüncü, Azərbaycan təmsilçisi isə dördüncü yeri tutublar.