İran İslam Respublikasının Mehşəhr şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri başa çatıb. YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığmamızın üzvləri turniri 1 qızıl və 1 bürünc medalla tamamlayıb.
Bütün rəqiblərini üstələyən Orxan Nuriyev (97 kq) turnirin qızıl medalına sahib olub. Həlledici görüşdə güləşçimiz Türkiyə təmsilçisi, Rio Olimpiadasının bürünc medalçısı Cenk İldem üzərində inamlı qələbə qazanıb.
Bürünc medalı isə yığmamıza Türmən Eyyubov (97 kq) qazandırıb. Həlledici görüşdə idmançımız İran təmsilçisi Mohammed Yeganehlə gərgin keçən qarşılaşmadan qalib ayrılıb.
Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi 55 kq) və Sakit Quliyev (60 kq) turniri beşinci sırada tamamlayıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edib.
Məlumat üçün bildirək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Qitə və Dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək. İlin ilk reytinq siyahısı mart ayında açıqlanacaq.