Niderlandın Veyk-an-Zee şəhərində keçirilən Tata Steel Masters super turnirinin başa çatmasına dörd tur qalmış holland qrossmeyster Aniş Giri liderliyi ələ alıb. Ev sahiblərinin təmsilçisi doqquzuncu turda rusiyalı şahmatçı Maksim Matlakovu məğlub edib və 6,5 xal toplayıb. YeniAvropa xəbər verir ki, turnirin liderini 6 xalla Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov və norveçli Maqnus Karlsen izləyirlər. Vladimir Kramnik (Rusiya) və Uesli So (ABŞ) onlardan yarım xal geridədir.
Növbəti turda altı partiya heç-heçə başa çatıb: Vişvanatan Anand - Maqnus Karlsen, Şəhriyar Məmmədyarov – Vladimir Kramnik, Uesli So - Pyotr Svidler, Sergey Karyakin - Vey İ, Fabiano Karuana – Baskaran Adiban, Haveyn Cons - Hou İfan xalları bölüşüblər.
Doqquz turdan sonra turnir cədvəli: 1. Aniş Giri – 6,5 xal; 2-3. Maqnus Karlsen və Şəhriyar Məmmədyarov - 6 xal; 4-5. Vladimir Kramnik və Uesli So – 5,5 xal; 6-7. Vişvanatan Anand və Sergey Karyakin – 5 xal; 8. Pyotr Svidler – 4,5 xal; 9-10. Haveyn Cons və Maksim Matlakov – 4 xal; 11-12. Vey İ və Fabiano Karuana – 3,5 xal; 13. Baskaran Adiban – 2,5 xal; 14. Hou Yifan – 1,5 xal.
Yarışların 10-cu turunda Pyotr Svidler - Şəhriyar Məmmədyarov, Aniş Giri - Sergey Karyakin, Maqnus Karlsen - Uesli So, Haveyn Cons - Vişvanatan Anand, Vladimir Kramnik - Maksim Matlakov, Vey İ - Fabiano Karuana və Hou İfan - Baskaran Adiban görüşəcəklər.
Qeyd edək ki, Tata Steel Masters turnirinin 10-cu turu Veyk-an-Zeedə deyil, Qroningendə keçiriləcək.