Danimarkanın Aalborq şəhərində yeniyetmə və gənc karateçilərin Avropa çempionatı davam edir.
YeniAvropa xəbər verir ki,ilk yarış günündə Roman Heydərov (21 yaşadək gənclər, kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) qızıl medal, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc mükafata sahib olublar. Bu nəticə ilə Azərbaycan karateçiləri yalnız Türkiyə komandasından geri qalaraq ümumi hesabda 2-ci yeri tutublar.
Fevralın 9-da 7 karateçimiz tatamiyə çıxacaq. Belə ki, 16-17 yaşlı gənclərin kata çıxışları, oğlanların (55 kq, 61 kq, 68kq, 76 kq və 76 kq-dan yuxarı) və qızların (48 kq, 53 kq, 59 kq və 59 kq-dan yuxarı) kumite yarışları keçiriləcək.
Əlli bir ölkədən 1092 idmançının iştirakı ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin 46-cı, 21 yaşadək karateçilərin isə 11-ci qitə çempionatında hələ ki 19 ölkənin idmançıları müxtəlif əyarlı mükafatlara sahib ola biliblər.
Bu gün, həmçinin Avropa çempionatının təntənəli açılış mərasimi olacaq.