İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə “Təxti kuboku” turnirində iki güləşçimiz turnirin bürünc medalını qazanıb. YeniAvropa xəbər verir ki, ənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparırlar.
Güləşçilərimizdən Mircəlal Həsənzadə (61 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (92 kq) üçüncü yer uğrunda görüşdə rəqiblərini məğlub edərək bürünc medala sahib olublar.
Qeyd edək ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl medal uğrunda görüşə çıxacaqlar. Ə.Qvarzatilov qızıl medal uğrunda Uluqbəy Yoldaşbəyov (Qırğızıstan), H.Hacıyev Rza Əfzəli (İran), C.Həsənov Bəhmən Teymuri (İran), N.Hacıyev isə Əli Rzayi Qudarzi (İran) ilə qarşılaşacaq.