Niderlandın Veyk-an-Zey şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirin beşinci turu Azərbaycan şahmatçısı üçün uğurlu olub. YeniAvropa xəbər verir ki, bu turda Fabiano Karuana üzərində qələbə Azərbaycan qrossmeysterin liderliyi ələ keçirməsinə imkan yaradıb.
Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi oyunda 43-cü gedişdə qələbə qazanıb.
Beşinci turda görüşən Vladimir Kramnik (Rusiya) Maqnus Karlsen (Norveç), rusiyalı qrossmeysterlər Maksim Matlakov və Sergey Karyakin oyunu heç-heçə başa çatdırıblar. Pyotr Svidler (Rusiya) Hou İfana, Uesli So (ABŞ) Başkaran Adhibana (Hindistan) qalib gəlib. Qaveyn Cons (İngiltərə) Aniş Giri (Hollandiya) ilə, Vişvanatan Anand (Hindistan) Vey İ (Çin) ilə heç-heçə qurtarıb.
Şəhriyar Məmmədyarov, Aniş Giri və Vişvanatan Anand (hər birinin aktivində 3,5 xal) beş turdan sonra turnirin cədvəlində birinci yerdədirlər. Onlardan sonra Maqnus Karlsen, Uesli So, Vladimir Kramnik (hər birində 3 xal), Sergey Karyakin, Qaveyn Cons, Vey İ, Pyotr Svidler, Maksim Matlakov (hər birində 2,5 xal), Fabiano Karuana (1,5 xal), Başkaran Adhiban (1 xal) və Hou İfan (0,5 xal) gəlir.
Turnir yanvarın 28-də başa çatacaq.