Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə “Ümid 2018” incəsənət müsabiqəsi keçirilir. YeniAvropa xəbər verir ki, tədbirdə ittifaqın sədr müavini Əziz Əzizov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, yarışmada məqsəd istedadlı uşaq və gəncləri tapmaq və onları üzə çıxarmaqdır. Müsabiqədə Gürcüstan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları dinləniləcək. Sədr müavini qeyd edib ki, “Ümid 2018” yarışmasında iştirakçılar bir neçə janrda (folklor, klassik, estrada və incəsənətin bir neçə növü – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya) çıxış edəcəklər. Yaş məhdudiyyəti yoxdur. Dörd yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər.
Obyektivlik naminə çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmayacaq. Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır. Onların ifaları əməkdar artistlər və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Xatırladaq ki, müsabiqə bu gün yekun vurulacaq və qaliblər mükafatlandırılacaqlar.