2019-cu il yanvarın 25-dən 30-dək Bakıda Beynəlxalq İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək. Kinosevərlər festival çərçivəsində dünyanın həm gənc, həm də tanınmış rejissorlarının filmlərinə tamaşa edə biləcəklər. Tədbirin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması və müxtəlif ölkələrin rejissorları arasında təcrübə mübadiləsidir. Festival Azərbaycan Mədəniyyət Nazirliyi, “Imago Group” kino şirkəti, “Sandro Teti Editore” nəşriyyat evi və “United Cultures” təşkilatının təşkilati dəstəyi ilə keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə festivalın təşkilatçıları - tanınmış italyan kinorejissoru Rossi Massimi və “Imago Group” kino şirkətinin təmsilçisi Luçiya Maçaleni bu gün “Landmark” otelində keçirilən mətbuat konfransında bildiriblər. Tədbirdə bildirilib ki, kinofestival Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə olacaq.
Qeyd olunub ki, bu formatda festival ilk dəfədir keçirilir. Tədbir çərçivəsində, həmçinin məşhur rejissor və aktyorlarla görüşlər, ustad dərsləri də nəzərdə tutulub. Festivalda iştirak etmək üçün [email protected]. elektron ünvanında qeydiyyatdan keçmək lazımdır.
Görüşün sonunda Rossi Massiminin “Antonio sindromu” filmi nümayiş etdirilib.