logo

XIII Nar festivalı möhtəşəmliyi ilə yadda qalıb

17:50 03-11-2018 | icon 5390
XIII Nar festivalı möhtəşəmliyi ilə yadda qalıb

Noyabrın 3-də Göyçayda XIII Nar festivalı keçirilib. Builki festival öz rəngarəngliyi, möhtəşəmliyi ilə böyük marağa səbəb olub.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edib.

YeniAvropa xəbər verir  ki, rayon rəhbərliyi və qonaqlar bayramsayağı bəzədilən Nəriman Nərimanov küçəsində musiqi sədaları altında, təntənəli şəkildə qarşılanıblar. Milli geyimli qızlar onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar.

Professor Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin qarşısında festivalın açılış mərasimi keçirilib. Burada bayramın əsas qəhrəmanı olan Nar şahzadəsi qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirakçıları salamlayaraq, nar bayramı münasibətilə onları təbrik edib, narçılığın bölgədə təsərrüfatın ənənəvi sahələrindən biri olduğunu, əhalinin məşğulluğunda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, artıq 13-cü dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.

Sonra rəngarəng bayram konserti olub. Xanəndələrin ifasında milli mahnılar oxunub, rəqslər nümayiş etdirilib.

Milli geyimli atlılar dəstəsinin keçidi iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Qonaqlar rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim edilib.

Müxtəlif turizm şirkətləri festivalla əlaqədar Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar da keçiriblər. Turistlər Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə qatılıblar.

Qeyd edək ki, hər il orta hesabla 45-50 min ton narın istehsal olunduğu Göyçayda hazırda 3740 hektar nar bağı var. Bağlarda əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.

Festival noyabrın 4-də başa çatacaq.