logo

Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçiriləcək

09:12 06-01-2018 | icon 3766
Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçiriləcək

Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 65 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək. YeniAvropa xəbər verir ki, gecədə bəstəkarın yaradıcılıq yolundan söz açılacaq və AzTV-nin Niyazi adına Simfonik Orkestrinin iştirakı ilə onun əsərləri səslənəcək.

Qeyd edək ki, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış Elnarə Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlayıb. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələməklə yanaşı, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edir.

Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E. Dadaşova, həmçinin “Polifoniya”, “Solfecio” üzrə beş dərs vəsaitinin, xor topluları və tədris proqramlarının müəllifidir.