logo

Vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsinin qalibləri məlum olub

17:39 21-10-2018 | icon 5369
Vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsinin qalibləri məlum olub

Rusiyalı müğənni Elmira Karaxanova Moskvada keçirilən vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsinin qalibi olub.

YeniAvropa xəbər verir  ki, oktyabrın 20-də Moskvanın “Crocus City Hall” konsert salonunda müsabiqənin yekun mərhələsi keçirilib. Yarışmada ikinci yerə Koreya Respublikasının təmsilçisi Byon Min Gil, üçüncü yerə isə Ukrayna müğənnisi Ruslana Koval layiq görülüblər.

Xatırladaq ki, müsabiqədə 12 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, İspaniya, Moldova, Koreya Respublikası, Monqolustandan 18 vokalçı iştirak edib. Münsiflər heyətinə SSRİ Xalq Artisti Tamara Sinyavskaya, SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, “Gelikon-opera” teatrının bədii rəhbəri Dmitri Bertman, Novosibirsk Opera və Balet Teatrının musiqi rəhbəri Dmitri Yurski və başqaları daxil idi.

Azərbaycan təmsilçisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anton Ferştant yekun mərhələyə keçə bilməyib.

Vokalçıların M.Maqomayev adına Beynəlxalq Müsabiqəsi 2010-cu ildən başlayaraq iki ildən bir keçirilir.