Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi oktyabrın 17-dən 21-dək Moskvanın Tverskoy meydanında “Azərbaycanın payız nemətləri” festivalı təşkil edəcəklər.
Səfirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, festivala gələnlər rəngarəng ərzaq çeşidləri və suvenirlər almaq, müxtəlif usta dərslərində iştirak etmək, fotosərgi ilə tanış olmaq, yaradıcı kollektivlərin çıxışlarına baxmaq və peşəkar aşpazlardan milli xörəklərin hazırlanması sənətini öyrənmək imkanı əldə edəcəklər. Tədbirin qonaqları ənənəvi Azərbaycan mətbəxinin nümunələrinin dadına da baxa biləcəklər.
“Azərbaycanın payız nemətləri” festivalı Moskva Hökuməti və Azərbaycan Respublikasının Rusiya Federasiyasında Ticarət Nümayəndəliyinin dəstəyi ilə keçirilir.
Festivalda, həmçinin “FoodSity”, “Azərçay” kimi şirkətlər, “Bakinski bulvar” restoranı iştirak edəcəklər.