logo

Bakıda növbəti caz festivalı başlayır

18:16 13-10-2018 | icon 5264
Bakıda növbəti caz festivalı başlayır

Oktyabrın 14-dən 28-dək Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin və “Jazz Dünyası” jurnalının dəstəyi ilə təşkil edilir.

Təşkilatçıların YeniAvropa-ya verdiyi məlumata görə, Bakı Beynəlxalq Caz Festivalı yüksək musiqi bayramı, ustad dərsləri, cem-seyşnlər, gənc ifaçıların müsabiqəsi, art-sərgilər və əlbəttə, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlər deməkdir. “Baku International Jazz Festival 2018” -14 parlaq gün, caz musiqisi ustalarının peşəkar konsertləri və yaddaqalan çıxışlar həm səriştəli intellektual tamaşaçılar, həm də dinamik musiqi həvəskarları üçün əsl mənəvi qida olacaq.

Ənənəyə görə, festival çərçivəsində azərbaycanlı musiqiçilərlə yanaşı, müxtəlif ölkələrdən gəlmiş məşhur musiqiçilər də konsert proqramları ilə çıxış edirlər.

Caz festivalı oktyabrın 14-də “Elektra Events Hall” məkanında soul musiqi və fank ustası Omar Lye-Fukun solo konserti ilə başlanacaq. İfaçı həmin gün öz 50 illik yubileyini qeyd edəcək.

Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində hazırda xaricdə yaşayan məşhur bakılılar – populyar pianoçu Leonid Ptaşka və virtuoz gitaraçı Həsən Bağırov çıxış edəcək. “Rotunda Jazz Club (Landmark)” səhnəsində 14 ölkədən gəlmiş qruplar cazın müxtəlif janrlarında öz ustalıqlarını nümayiş etdirəcəklər: Əfqan Rəsul, Elvin Bəşirov, Nurlan Abdullazadə (Azərbaycan), Laura Poldvere (Estoniya), Jan-Kristof Şoletin triosu (Fransa), “Music, music, music” qrupu (İsveç), Uv Steinmetz (Almaniya), Can Cankaya və Kaqan Yıldız (Türkiyə), Martin Saleminin triosu (Belçika), Xelqe Leinin triosu (Norveç), “Kodaly Spicy Jazz” qrupu (Macarıstan), Mişel Pippokuino (Braziliya), Ruben Xainin triosu (Hollandiya), Qreqori Maret – Kristi Daşel qrupu (ABŞ), habelə Norveç caz orkestri açıq məkanda çıxış edəcək. Axşam konsertlərindən sonra adlı-sanlı cazmenlərin və gənc ifaçıların iştirakı ilə cem-seyşnlər təşkil olunacaq.

Ənənəvi olaraq gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz qüllələri” sərgisi, kino tənqidçisi Ülvi Mehdinin “Caz janrının klassikası” təqdimatı olacaq və kinoprokat yenilikləri barədə məlumat veriləcək.