Türkiyənin bir sıra mətbuat orqanları oktyabrın 21-də “Paralel dövlət” - FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin ölüm xəbərini yayıb.
YeniAvropa xəbər verir ki, bu barədə məlumat yayan NTV, “CNN Türk” və “HaberGlobal” Gülənin əlaltılarının nəzarətində olan informasiya resurslarına, habelə cinayətkar təşkilat üzvlərinin sosial şəbəkələrdə dərc etdikləri məlumatlara istinad edib. Telekanalların məlumatına görə, 84 yaşlı FETÖ lideri bazar günü axşam ABŞ-da dünyasını dəyişib.
Cinayətkar təşkilatın rəhbəri 1999-cu il martın 21-də müalicə bəhanəsi ilə ABŞ-a qaçıb və o vaxtdan Pensilvaniyada yaşayır.
Ankara uzun illərdir ki, Vaşinqtondan 2016-cı il iyulun 15-də Türkiyədə hökuməti zorakılıqla devirmək cəhdini təşkil edən terrorçuların liderini ekstradisiya etməyə çalışır. FETÖ tərəfdarlarının aksiyasının qarşısını alarkən, Türkiyədə 250-dən çox insan öldürülüb.
Son illərdə həkimlər Gülənə böyrək çatışmazlığı, şəkərli diabet və demensiya diaqnozu qoyublar.
Türkiyənin rəsmi strukturları hələlik bu məlumatı şərh etməyiblər.