Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu olub.
YeniAvropa xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenko özünün "Facebook" səhifəsində məlumat paylaşıb.
Bildirib ki, oktyabrın 5-i axşam saatlarından başlayaraq bu gün səhər saatlarınadək Rusiya ordusu Kiyevə kamikadze dronları ilə hücum edib.
hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dronların qalıqları Kiyev vilayətinin 6 rayonu ərazisinə düşüb.
“Düşmən bizim Kiyev bölgəsinə zərbələr endirməkdə davam edir. On iki saatdan çox davam edən həyəcan təbili çalınıb”, - deyə Kravçenko qeyd edib.
Dağıntılar və xəsarət alanların olduğu barədə məlumat dəqiqləşdirilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 6-na keçən gecə Rusiya ordusu müxtəlif növ raketlərdən və hücum PUA-larından istifadə edərək Ukraynaya kütləvi hücuma keçib. Ümumilikdə Ukrayna hərbçiləri düşmənin 90-dan çox hava hədəfini aşkar edib.
Ukrayna Hərbi Hava Qüvvələri aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və mobil atəş qruplarının köməyilə hücumu dəf edib. Döyüş nəticəsində müxtəlif bölgələrdə iki raket və 56 kamikadze PUA məhv edilib.