Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya uğramış yanacaqdaşıyan maşında baş verən yanğın zamanı sürücü ölüb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin yanar konstruksiyaları və 40 ton yanacaq, eləcə də vətəndaşa məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib.
Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.