logo

Qırğızıstan parlamenti Akayevin eks-prezident statusunu bərpa etməyib

13:53 25-09-2024 | icon 1820
Qırğızıstan parlamenti Akayevin eks-prezident statusunu bərpa etməyib

Qırğızıstan parlamenti respublikanın birinci rəhbəri Askar Akayevin eks-prezident statusunun bərpasından imtina edib.

YeniAvropa xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Bir gün öncə Qırğızıstan parlamentinin müvafiq komitəsi qanunverici orqanı eks-prezident statusunun bərpası üçün komissiya yaradılması ilə bağlı Akayevin müraciətini rədd etməyə çağırmışdı.

“Joqorku Keneş (parlament) bu qərarı dəstəkləyib və Askar Akayevin müraciəti təmin olunmayıb”, - deyə məlumatda bildirilir. Qərar səs çoxluğu ilə qəbul edilib, 71 deputat statusun bərpasının əleyhinə, yalnız iki nəfər lehinə səs verib.

Qeyd edək ki, Qırğızıstanın ilk dövlət başçısı Akayev sentyabrın əvvəlində parlamentə müraciət edərək ona təqib olunmamaq hüququ verən eks-prezident statusunun qaytarılmasını istəyib. Ölkənin hazırkı prezidenti Sadır Japarov onun xahişini şərh edərkən bu məsələ ilə bağlı qərarın parlament tərəfindən verilə biləcəyini deyib.

Qırğızıstanın birinci prezidenti, akademik Askar Akayev 1990-cı ildə suverenlik qazandığı vaxtdan respublikaya rəhbərlik edib. Onun dövlət əmlakının özəlləşdirilməsində iştirak edən ailə üzvlərinin və yaxınlarının əməlləri xalqın hiddətinə səbəb olub. 2005-ci il martın 24-də inqilab nəticəsində vəzifəsindən uzaqlaşdırılan dövlət başçısı ölkəni tərk etmək məcburiyyətində qalıb.