Azərbaycan və tacik xalqlarını tarixi, etnik, mədəni, dini və ortaq dəyərlər birləşdirir. İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq mövcuddur. Münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.
YeniAvropa xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Tacikistanın dövlət müstəqilliyinin 33-cü ildönümü münasibətilə sentyabrın 24-də Bakıda keçirilən tədbirdə səsləndirib.
Hər iki ölkə rəhbərinin münasibətlərin inkişafında xüsusi rolunu qeyd edən nazir qarşılıqlı səfər və təmasların əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyini bildirib.
May ayında Azərbaycan-Tacikistan Biznes Forumunun keçirildiyini diqqətə çatdıran S.Babayev ötən il iki ölkə rəhbərinin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin əhəmiyyətini qeyd edib.
"Ölkələrimiz arasında 90-dək sənəd imzalanıb. Nəqliyyat, logistika, sənaye, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir. Ölkəmizdə 90-dan çox tacikistanlı tələbə təhsil alır. Azərbaycan Orta Dəhliz layihəsində önəmli rolu olan ölkədir. Tacikistanın da bu layihədə iştirakı ümumi işimizə töhfə vermiş olardı", - deyə nazir vurğulayıb.
O, Tacikistanın Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29-da fəal iştirak etməyə çağırıb. Dost ölkənin bu tədbirə töhfə verəcəyindən əminliyini ifadə edib.