Ortaq mədəni və dini dəyərlər baхımından Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verir və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir. Xüsusilə ölkə rəhbərlərinin səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir.
YeniAvropa xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Bakıda Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan olunması günü münasibətilə təşkil edilən rəsmi qəbulda söyləyib.
“Azərbaycan hökuməti olaraq BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qətnamələrin qəbuluna görə ölkəmizin mövqeyini daim dəstəklədiyinə, ərəb və İslam ölkələrində ictimai rəyin formalaşmasına güclü təsir göstərdiyinə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığımızı bildiririk. Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı əməkdaşlıq üzrə Müştərək Komissiya ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə İqtisadi Komissiyalar, siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün effektiv mexanizmlərdir. Ümid edirik ki, komissiyanın növbəti, 8-ci iclasını və siyasi məsləhətləşmələri çox yaxın vaxtlarda keçirəcəyik”, - deyə nazir vurğulayıb.