Sentyabrın 23-də keçirilmiş yeddinci çağırış Milli Məclisin birinci iclasında komitələrin sədrləri və müavinləri seçilib.
YeniAvropa xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxuyub.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Beləliklə, deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədrləri təsdiq ediliblər.
Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.
Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.