logo

Bakıda “Caspian Gas Industry Forum”u keçiriləcək

15:15 10-09-2024 | icon 917
Bakıda “Caspian Gas Industry Forum”u keçiriləcək

Sentyabrın 18-də Bakıda “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Enermus” QSC şirkətinin təsisçisi və 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un Təşkilat Komitəsinin sədri Zaur Mustafayev məlumat verib.

Bildirib ki, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə və “Sensemi DMCC Dubai” şirkətinin Azərbaycan filialının inzibati məsələlər üzrə direktor müavini Məhəmmədrıza Farahani 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”da spikerlər sırasında yer alıblar. Forumun moderatorları “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Enermus” QSC-nin təsisçisi və “Caspian Energy Club”ın energetika komitəsinin nəzdində fəaliyyət göstərən qaz sənayesi üzrə işçi qrupunun sədri Zaur Mustafayev olacaq.

1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un qızıl sponsoru qismində “Sensemi DMCC Dubai” şirkətinin çıxış edəcəyi açıqlanıb.

Xatırladaq ki, “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunacaq 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” qaz sənayesində innovativ texnologiyalar, davamlı inkişaf və ekologiya, eləcə də gələcək tendensiyalar və investisiya imkanları kimi mühüm mövzular üzrə bilik və təcrübə mübadiləsini əhatə edəcək.

Tədbir iştirakçıları, həmçinin qaz hasilatı və emalı proseslərinin optimallaşdırılması yollarını, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi və karbon izinin azaldılması imkanlarını müzakirə edəcəklər.

“1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”a marağı nəzərə alaraq, sözügedən forumu mütəmadi olaraq hər il Azərbaycanda, Xəzəryanı ölkələrdə və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdə təşkil etməyi düşünürük. Əminik ki, 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” qaz sənayesinə, bu sektorda innovativ həllərin və nou-hauların təşviqinə öz töhfəsini verəcək”, - deyə Zaur Mustafayev qeyd edib.

“Regionların qazlaşdırılması prosesində beynəlxalq standartların və təhlükəsizlik sistemlərinin tətbiqi” və “Qaz təsərrüfatında yaşıl və innovativ texnologiyaların tətbiqi” 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un əsas mövzuları sırasında yer alacaq.

1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”da qaz sənayesində əlavə olaraq iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir sıra dövlət və özəl şirkətlərin top-menecerlərinin və nümayəndələrinin iştirakı gözlənilir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

2016-cı ildə yaranan “Enermus” QSC fəaliyyət göstərdiyi müddətdə geniş təcrübə qazanıb. Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından şkaf tipli qaz tənzimləyici məntəqə və pnevmatik odorant qurğularının yerli istehsalına keçib, 2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlayıb.

Şirkətin əsas fəaliyyət istiqamətlərinə qaz təchizatının layihələndirilməsi, qaz kəmərlərinin tikintisi, qaz avadanlıqlarının satışı və qaz sənayesində mühəndislik və konsaltinq xidmətləri daxildir. QSC ABŞ, İtaliya, Almaniya, Rusiya, Türkiyə kimi ölkələrin istehsal zavodlarının Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkət “ISO9001”, “ISO14001”, “ISO 45001” kimi beynəlxalq sertifikatlara malikdir.