logo

Azərbaycanda Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

09:09 18-08-2024 | icon 875
Azərbaycanda Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Bu gün Azərbaycanda  sərhəd mühafizəsinin yaradılmasının 105 ili tamam olur.

YeniAvropa xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

2007-ci il iyunun 12-də prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar.

Bu gün DSX-nin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması, sözsüz ki, prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısının təzahürüdür. Dövlət başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısı, Azərbaycan sərhədçisinə olan inam və etibar dayanır.

Bu gün Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub.