Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsinə 18 gün qalıb. Seçicilər sentyabrın 1-də öz namizədinə səs vermək üçün məntəqələrə üz tutacaqlar. Ancaq elə seçicilər də var ki, səhhətinə görə və ya digər üzrlü səbəbdən seçki günü səs vermək üçün seçki məntəqəsinə gedə bilməyəcəklər. Belə olan halda onlar nə etməlidirlər?
YeniAvropa “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadla xəbər verir ki, Seçki Məcəlləsinin 105-ci maddəsinə əsasən, seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən vətəndaşların daşınan seçki qutusu ilə səsvermə otağından kənarda səs vermək hüququ var.
Səsvermə otağından kənarda səs vermək istəyən şəxs özü və ya digər şəxs vasitəsilə seçki gününə ən azı 24 saat qalmış bu barədə müvafiq məntəqə seçki komissiyasına yazılı və ya şifahi müraciət etməlidir.
Seçki günü məntəqə seçki komissiyasının azı iki üzvü müşahidəçilərin iştirakı ilə daşınar seçki qutusunu vətəndaşın göstərdiyi ünvana gətirir. Beləliklə, vətəndaşın səsvermədə iştirak etmək hüququ təmin olunur.