logo

Qarabağ Dirçəliş Fondunun aktivləri 1,5 milyard manata çatıb

15:15 08-08-2024 | icon 1904
Qarabağ Dirçəliş Fondunun aktivləri 1,5 milyard manata çatıb

Qarabağ Dirçəliş Fondu ötən il dekabrın 31-nə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan”ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.

Qurumdan YeniAvropa-ya bildirilib ki, Fondun maliyyə hesabatları 2023-cü il dekabrın 31-i maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üzrə mənfəət, yaxud zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti haqqında hesabatları əhatə edir.

“PwC Azərbaycan” tərəfindən Qarabağ Dirçəliş Fondunun 2023-cü il dekabrın 31-i tarixinə maliyyə hesabatına dair verilən rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qarabağ Dirçəliş Fondunun 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.

Bildirilib ki, Qarabağ Dirçəliş Fonduna ötən il ərzində ümumilikdə 206 milyon 485 min 811 manat ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 47 milyon 195 min 993 manat maliyyə gəliri əldə edib. Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 37 faiz artıb. Nəticədə maliyyə (investisiya) gəlirlərinin Fondun ümumi gəlirlərində payı 1 faizdən 18,6 faizə qədər yüksəlib.

Bununla da 2023-cü il dekabrın 31-nə Fondun cəmi aktivlərinin həcmi 19 faiz və ya 238,9 milyon manat artaraq 1 milyard 477 milyon 65 min 244 manata çatıb.

Xatırladaq ki, 2024-cü il yanvarın 24-də Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə “PwC Azərbaycan” Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə kənar auditoru kimi təsdiqlənib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.