Son günlər yağan yağışlardan sonra bəzi çaylarda suyun səviyyəsinin artması İsmayıllı rayonunun Qalacıq kəndindən axan Səngərçay üzərindəki asma körpünü yararsız vəziyyətə salıb.
YeniAvropa xəbər verir ki, kəndi ikiyə bölən Səngərçay üzərində olan və hazırda yararsız hala düşən asma körpünün uzunluğu 70, eni 1 metrdir. Bir neçə il əvvəl kənd sakinləri tərəfindən yenilənən piyada keçidi, çaya gələn güclü sel səbəbindən keçilməz hala düşüb. Körpü yararsız vəziyyətə düşdüyündən çayın sol sahilində vətəndaşlar kəndin əsas hissəsinə keçid edə bilmirlər. Məktəb, poçt, ərzaq mağazaları, inzibati binalar çayın sağ, vətəndaşların çoxu isə sol tərəfdə qalıb.
Yerli sakinlərin sözlərinə görə, həyətində avtomobili olanlar bir qədər məsafə qət etməklə kəndin əsas hissəsinə, oradan da rayon mərkəzinə gedə bilirlər. Amma nəqliyyat vasitəsi olmayanlar çayın bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər. Kəndin digər hissəsinə keçid üçün yaxın məsafədə çay üzərində avtomobil körpüsü olmadığı üçün böyükdən-kiçiyə hər kəs əziyyət çəkir, üstəlik körpünün uçması məsələni daha da qəlizləşdirib.
İsmayıllı rayon İcra Hakimiyyətindən bildirilib ki, Səngərçay üzərində olan körpü kənd bələdiyyəsinin balansındadır.
Qalacıq kənd bələdiyyəndən isə bildirib ki, körpünün bərpası müəyyən vəsait tələb edir və bu vəsait bələdiyyənin büdcəsində yoxdur: “Əgər sakinlər vergilərini versələr, əldə edilən vəsait hesabına körpünü bərpa etmək olar”.