HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda öldürülüb.
YeniAvropa xəbər verir ki, “Mehr” agentliyi bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadla məlumat yayıb. “Fələstinin HƏMAS müqavimət hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda şəhid olub”, - deyə məlumatda bildirilir.
Agentliyin məlumatına görə, hücum zamanı Haniyənin mühafizəçilərindən biri də həlak olub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Haniyənin yerli vaxtla təxminən 02.00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.
Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.