Hazırda Azərbaycanda bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35 faizdir.
YeniAvropa xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir: “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə bağça infrastrukturunun daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi təlim-tədris prosesinin daha keyfiyyətlə həyata keçirilməsinə xidmət edir. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi prosesin daha keyfiyyətli aparılmasına təkan verən əsas amillərdəndir. Hazırda ölkə ərazisində 1674 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təxminən 100 min uşaq məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilib”.